Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Faydalı Aliment münasibətlərinin iştirakçıları kimlər ola bilər?

Ümumi Faydalı

Gülay

Yeni istifadəçi
Hüquq Tələbəsi
Qoşulub
11 Oktyabr 2025
Mesajlar
1
Açar sözlər : aliment öhdəliyi, aliment subyektləri, valideynləri saxlamaq vəzifəsi, maddi yardıma ehtiyac, uşağın saxlanması

Giriş :
Aliment latınca “alimentum” sözündən olub “qidalanma”, “təminat” mənasını verir. Bir çoxları elə zənn edir ki aliment münasibətləri yalnız keçmiş ər-arvad arasında mövcud olur, lakin bu belə deyil. Aliment sözünün leksikomuna baxsaq : aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. Yəni aliment münasibətləri bilinənin əksinə bacı-qardaş, valideyn-övlad hətta nikahda olan ər və arvad arasında belə mövcud ola bilər.

Nikahda olan ər və arvad arasındakı aliment münasibəti :

Bizə məlumdur ki, nikaha girilən andan ər və arvadın bir-birini saxlamaq vəzifələri yaranır. Ailə Məcəlləsinin 84-cü maddəsinə görə ər və arvad bir birlərinə maddi cəhətdən kömək etməlidirlər. Bəzən elə hallar olur ki, tərəflərdən biri bu vəzifəni yerinə yetirməkdən imtina edir. Ər və arvad arasında aliment sazişi mövcud olmadıqda aşağıdakı subyektlər zəruri vəsaitə malik olan tərəfdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdirlər :

  • əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
  • hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
  • əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Onu da qeyd etmək lazımdır ki, yalnız qeydiyyat orqanlarında nikahı qeydə alınmış ər və arvad aliment tələb edə bilər.

Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi :

Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsində 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynlərini saxlaması borcu vurğulanmışdır. Eyni maddənin analoquna Ailə Məcəlləsinin 82.1-ci maddəsində də rast gəlinir.
Bildiyimiz kimi əmək qabiliyyəti olmayan valideyni saxlamaq yetkinlik yaşına çatan, əmək qabiliyyətli övladların qanundan öncə əxlaq borcudur. Ancaq bəzən elə gətirir ki, övladlar bu borcu yerinə yetirmirlər. Bu zaman valideynlər məhkəmə qaydasında övladlarından aliment tələb edə bilərlər. Məhkəmə valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla aliment miqdarını təyin edir.
Əgər valideynin 2 övladı varsa, onlardan biri övladlıq borcunu yerinə yetirir, digəri isə yerinə yetirmirsə bu zaman valideyn övladların birindən aliment tələb etsə belə məhkəmə maddi vəziyyəti nəzərə alaraq övladların hər birinin üzərinə aliment öhdəliyini qoyur.
Ailə Məcəlləsinin 82.5-ci maddəsində göstərilir ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.


Valideynlərin uşaqlarını saxlamaq vəzifələri :

Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifəni yerinə yetirməkdən boyun qaçıran valideyndən məhkəmə vasitəsilə aliment tutula bilər. Uşaqların öz anaları ilə yaşadıqları hallarda alimentin tutulması barədə iddia ataya qarşı irəli sürülür. Ata tərəfindən tərbiyə olunan uşaqların saxlanması üçün aliment isə anadan tutulur. Əgər uşaq başqa şəxslərin himayəsindədirsə bu zaman aliment hər iki tərəfdən tutulur. Uşaq yetkinlik yaşına çatdıqda alimentin tutulmasına xitam verilir. Ailə Məcəlləsini 76-cı maddəsində valideynlərdən tutulan alimentin miqdarı müəyyən edilmişdir :
  • 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
  • 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
  • 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Buna aşağıdakı hallarda yol verilir:

— aliment ödəyən valideynin başqa uşağının olması və onların aliment alan uşaqlara nisbətən aztəminatlı olması;
— aliment ödəyən valideyn I və ya II dərəcəli əlil olduqda;
— saxlanması üçün aliment tutulan uşaq işlədikdə və kifayət qədər əmək haqqı aldıqda;
— diqqətəlayiq olan başqa hallarda.


Ailənin başqa üzvlərinin aliment öhdəlikləri :

Maraqlıdır ki, aliment münasibətləri ailənin digər üzvləri - bacı və qardaş, baba-nənə və nəvələr eləcə də yetirmə ilə tərbiyəçi arasında da yarana bilər. Qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur. Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
Baba və nənənin nəvələrini, eləcə də nəvələrin baba və nənəni saxlamaq vəzifələri Ailə Məcəlləsinin 89 və 90-cı maddələrində öz əksini tapmışdır. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əgər uşağın valideynləri əmək qabiliyyətinə malikdirlərsə onda nənə və babadan aliment tutula bilməz.
Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik olan nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.
Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 91-ci maddəsində öz əksini tapır. Belə ki, yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Nəticə :
Beləliklə, o qənaətə gəlmək olar ki, aliment münasibətlərinin subyekt dairəsi olduqca genişdir. Qanunvericilik valideynlərin uşaqları, yetkin övladların valideynləri, ər-arvadın bir-biri, eləcə də ailənin digər üzvləri arasında qarşılıqlı maddi təminat mexanizmlərini dəqiq müəyyən etmişdir. Aliment münasibətləri maddi cəhətdən təminatla yanaşı eyni zamanda cəmiyyətin mənəvi-əxlaq dəyərlərini əks etdirərək ailə üzvləri arasında məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.
 
Sonuncu redaktə:

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar