Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Faydalı Hərbçilərə dövlət tərəfindən mükafat kimi verilən yaşayış sahələri (mənzil və s.) ər-arvadın birgə mülkiyyətidirmi?

Ümumi Faydalı

İlham Həsənov

Yeni istifadəçi
Hüquqşünas
Qoşulub
7 Sentyabr 2025
Mesajlar
3
IMG_4620.jpeg

Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinə əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.

Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Məsələn, Aysel və Elvin 2020-ci ildə evlənib. Ayselin atası 2022-ci ildə qızına ad günündə maşın hədiyyə edib. Bu hədiyyə nikah dövründə verilsə də, əvəzsiz əqd (hədiyyə) olduğu üçün ər-arvadın birgə mülkiyyəti yox, Ayselin şəxsi mülkiyyətindədir.

Bu zaman belə bir sual meydana gəlir ki, hərbçilərə xidmətlərinə görə verilən yaşayış sahəsi hədiyyə (bağışlama müqaviləsi) sayıla bilərmi?

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarına əsasən, bu hal hədiyyə (bağışlama müqaviləsi) kimi qəbul edilə bilməz. Ali Məhkəmənin mövqeyinə əsasən, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür.

Nümunə:

Əli və Aişə 2000-ci ildə nikaha daxil olmuşlar. Əli 2001-ci ildən etibarən 20 il müddətində Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçu kimi çalışıb və uzun illər səmərəli xidməti nəticəsində dövlət ona mənzil verib. Bu mənzil Əliyə nikah dövründə göstərdiyi xidmət qarşılığında verilib. Mənzil Əli və Aişənin birgə mülkiyyətindədir.

Yuxarıda adıçəkilən Qərarda həmçinin qeyd olunur ki, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər.

Nümunə:

Rəşad 2000-ci ildən hərbçi işləyir. 2005-ci ildə Gülərlə nikaha daxil olur. 2020-ci ildə Rəşada orduda göstərdiyi qüsursuz xidmətlərə görə mənzil verilir. Bu mənzil Rəşada 20 il ərzində göstərdiyi xidmətə görə verilir. Rəşad 15 ildir evlidir. Bu mənzil nikah dövründə verilsə də, Rəşada mənzil verilməsinə səbəb olan xidmət illəri 20 ildir. Halbuki o, 15 ildir evlidir. Rəşadın mənzili əldə etməsi üçün tələb olunan 20 ilin 15 ili birgə nikah dövrünə düşdüyündən mənzil üzərində Rəşadın payı daha artıq müəyyən oluna bilər.
 

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
62
Sayt
huquqlar.az
Paylaşım üçün təşəkkürlər. Faydalı və aktual mövzudur.

Əgər hüquq tələbəsi, hüquqşünas və ya vəkilsinizsə sizə müvafiq etiketlərdən birini təqdim edə bilərik.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar