1. Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) nədir?
MMC – “Məhdud Məsuliyyətli Cəmiyyət” anlayışının qısaldılmış formasıdır. Bu hüquqi şəxs növü bir və ya bir neçə təsisçi (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradılır və nizamnamə kapitalı müəyyən olunmuş paylara bölünür.MMC-nin əsas xüsusiyyətlərindən biri odur ki, iştirakçılar (təsisçilər və ya direktorlar) cəmiyyətin öhdəliklərinə görə şəxsi əmlakları ilə cavabdeh olmurlar. Onların riski yalnız şirkətə yatırdıqları vəsaitin (payın) dəyəri ilə məhdudlaşır.
Sadə dillə desək, istər ticarət fəaliyyəti ilə məşğul olan, istərsə də xidmət göstərən və ya istehsal həyata keçirən kommersiya təşkilatı MMC formasında fəaliyyət göstərə bilər. Cəmiyyətin əldə etdiyi mənfəət isə təsisçilər arasında nizamnamə kapitalındakı paylarına uyğun olaraq bölüşdürülür.
Azərbaycan Respublikasında MMC-lərin fəaliyyəti Mülki Məcəllə ilə tənzimlənir. Qanunvericiliyin 87-ci maddəsinə əsasən, MMC yalnız bu təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatından keçirilə bilər. Beləliklə, qeydiyyat prosesi həm şirkətin yaradılmasını, həm də onun məhz MMC formasında fəaliyyət göstərməsini təsdiq edir.
Hüquqi şəxslərin müxtəlif təşkilati formaları mövcuddur (MMC, ASC, QSC və s.), lakin Azərbaycanda ən çox seçilən model məhz Məhdud Məsuliyyətli Cəmiyyətdir.
2.MMC-ni təsis etməyin üsulları:
2.1 MMC-ni yaratmaq üçün iki yol mövcuddur:
2.2 Elektron qeydiyyat
Şirkəti onlayn şəkildə yaratmaq üçün e-taxes.gov.az portalına daxil olub “Hüquqi şəxsin elektron qeydiyyatı” bölməsinə keçmək lazımdır. Burada şəxsiyyət vəsiqəsinin FİN kodu, mobil nömrə və SMS vasitəsilə gələn təsdiq kodu qeyd edilir. Ardınca isə sistemdə açılan ərizə formasında lazımi məlumatlar daxil olunur.
Elektron qeydiyyatın üstünlüyü ondadır ki, bu proses zamanı eyni zamanda ASAN imza sertifikatı sifariş etmək, bank hesabı açmaq və əmək müqavilələri ilə bağlı məlumatları təqdim etmək mümkündür. Ərizə göndərildikdən sonra təxminən 1 iş günü ərzində təsis sənədləri (nizamnamə, vergi qeydiyyatı haqqında şəhadətnamə – VÖEN, reyestr çıxarışı) elektron kabinetə göndərilir.
2.3 Ənənəvi (adi) qeydiyyat
Əgər şirkəti adi qaydada yaratmaq istəyirsinizsə, aşağıdakı addımları izləməlisiniz:
- Şirkətin adı və hüquqi ünvanını müəyyənləşdirmək;
- Təsisçilərin şirkət yaratmaq barədə qərarını hazırlamaq;
- Nizamnaməni tərtib etmək;
- Qeydiyyat üçün ərizə və təsisçilər haqqında məlumatları hazırlamaq;
- Dövlət rüsumunu ödəmək;
- Bank hesabı açmaq;
- Nizamnamə kapitalını ödəmək;
- Sənədləri müvafiq quruma (Dövlət Vergi Xidməti və ya ASAN xidmət mərkəzi) təqdim etmək.