Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Faydalı Mənəvi Zərərin ödənilməsi hansı meyarlara əsaslanır?

Ümumi Faydalı

Renat Məmmədsoy

Moderator
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
6 Fevral 2026
Mesajlar
5
Bu mövzuda araşdırma aparmışam, və ümid edirəm ki, sizlər üçün maraqlı olar.

Mənəvi Zərərin ödənilməsi hansı meyarlara əsaslanır?

1. İş №2(102)-3064/2021 – 11.06.2021

Faktiki hallar:
İddiaçı POS-terminal icarəsi barədə müqavilə bağlayır, terminal 2017 ildə aktla qaytarılır və borc olmadığı rəsmiləşdirilir. 2019 ildə bank iddiaçının hesabından 49,6 manatı onun razılığı və məhkəmə qərarı olmadan silir. İddiaçı bunu qanunsuz sayaraq maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edib. Ali Məhkəmənin əsaslandırdığı meyarlar:

1. Qanunsuz müdaxilə olmalıdır. Bankın hesabdan vəsait silməsi hüquqa və ya müqaviləyə zidd olmalıdır. Əgər müqavilədə bankın birtərəfli silmə səlahiyyəti varsa, bu hərəkət özlüyündə qanunsuz sayılmır.

2. Bankın təqsiri sübut olunmalıdır. Yəni bank ya bilərəkdən, ya da ehtiyatsız davranışla müqavilə hüdudlarını aşmalıdır. Sadəcə “pul silindi, ona görə mənəvi zərər çəkdim” demək kifayət deyil.

3. Pozuntu ilə mənəvi zərər arasında səbəbli əlaqə. Qanunsuz silinmə olsaydı, iddiaçının psixoloji narahatlığı məhz bu faktla bağlı olmalı idi.

4. Real mənəvi sarsıntı + onun sübutu. İddiaçı konkret izah etməlidir: nə dəyişdi? necə təsir etdi? gündəlik həyatı, psixoloji vəziyyəti, maliyyə planları və s. Ümumi cümlələr (“narahat oldum”, “stress keçirdim”) kifayət etmir.

1-ci instansiya və 1-ci apellyasiya: Razılıqsız hesabdan vəsait silinməsini avtomatik “pozuntu” kimi qəbul ediblər. Buradan çıxış edib deyiblər ki, bank hesabından icazəsiz silinmə “inandırıcı mənəvi sarsıntı” yaradır və təzminat olaraq100 manat təyin ediblər. Yəni onlar 4-cü meyarı (real sarsıntı) çox formal qəbul ediblər: sanki qanunsuz silinmə = avtomatik sarsıntı yaradır.

1-ci kassasiya: Müqavilə şərtləri araşdırılmayıb; Ola bilsin bankın hüququ olub. İş geri qaytarılır, əvvəlcə qanunsuzluq meyarı araşdırılsın.

2-ci apellyasiya: Bankın bu cür səlahiyyəti var, deməli, qanunsuzluq meyarı sübuta yetirilməyib. İddiaçı real mənəvi sarsıntını (stressin konkret nəticələrini) sübut etməyib → 4-cü meyar ödənmir. Nəticə olaraq iddiaçının kasassiya şikayəti təmin olunmadı.

2. İş №2(102)-4320/2022 – 24.10.2022

Faktiki hallar:
İddiaçı məktəbdə işləyən əməkdaşdır, cavabdehlə şəxsi mübahisəsi var. Cavabdeh məktəbə gələrək dəhlizdə, başqalarının yanında ona qarşı nalayiq ifadələr işlədib, iddiaçı stressdən huşunu itirib. İddiaçı 50.000 manat mənəvi zərərin ödənilməsini tələb edib.

Ali Məhkəmənin əsaslandırdığı meyarlar, burada daha geniş təhlil edilib:

Təhqirin konkretliyi və sübutu. Hər deyilən söz deyil, sübuta yetirilən konkret ifadə əsas götürülür. Bu işdə yalnız “pozğun” sözü şahid ifadələri ilə təsdiqlənib, digər ümumi ifadələr yox.

Təhqirin ictimai xarakteri. Təhqir başqa şəxslərin yanında baş verməlidir. Burada – məktəbin foyesində, uşaqlar və işçilərin qarşısında – reputasiya zərbəsi olduqca ağırdır.

Hadisə məkanı, xüsusi həssas mühit. Burada təhsil müəssisəsi: müəllimin peşə reputasiyası cəmiyyət üçün strateji həssas nöqtə sayılır. Bu da mənəvi zərərin ağırlığını artıran ayrıca meyara çevrilir.

Real mənəvi sarsıntı + nəticə. İddiaçının huşunu itirməsi, təcili tibbi yardım alması – psixoloji sarsıntının real, obyektiv nəticəsi var. Yəni artıq “yalnız subyektiv narahatlıq” yox, faktiki olaraq bədən reaksiyası mövcuddur.

Məbləğin pozuntu ilə proporsionallığı. İddiaçı 50.000 manat istəyib, ancaq məhkəmə 1.000 manat müəyyən edib. Təzminat kompensasiya xarakterlidir, cəza və ya zənginləşmə vasitəsi deyil. Epizod bir dəfəlik, davamlı deyil, ağır nəticələr var, ancaq “dözülməz şərait” səviyyəsində deyil.

3. İş №2(102)-5121/2022 – 11.10.2022

Faktiki hallar:
Cavabdeh MMC iddiaçının liftə çıxışını bloklayıb, iddiaçı isə buna görə mənəvi zərərin ödənilməsini tələb edib (5000 manat). Birinci İnstansiya və Apelyasiya Məhkəməsi bu iddianı rədd edib. Ali Məhkəmə burada ilk instansiya və apellyasiyanın “mənəvi zərər yoxdur” yanaşmasını düzgün hesab etmir və yeni meyarlar təqdim edir:

Hərəkətin obyektiv olaraq mənəvi narahatlıq potensialı. Yüksək mərtəbədə yaşayan şəxsin liftdən məhrum edilməsi normalda stress, psixi gərginlik yaradır. Bunu məhkəmə özü normativ fakt kimi qəbul edir.

Pozuntunun davamlılığı və intensivliyi. Lift məhdudiyyəti bir-iki gün yox, uzun müddət davam edirsə, mənəvi zərərin ağırlığı artır. Davamlı məhdudiyyət = “…gündəlik həyatın sistematik pozulması...”. İddiaçının şəxsi və ailə vəziyyəti. Uşaqlarla hərəkət etmək, pilləkənlə qalxma ehtiyacı, yük çoxalır. Bu isə, sarsıntının intensivliyini artıran subyektiv faktor kimi nəzərə alınmalıdır.

Mənəvi sarsıntının məzmununun araşdırılması öhdəliyi
Ali Məhkəmə deyir ki, Apellyasiya konkret araşdırmalı idi: iddiaçı nədən şikayət edir, hansı gündəlik çətinliklərlə üzləşib, psixoloji təsir nədən ibarətdir. Yalnız “yoxdur” deməklə zərər inkar edilə bilməz. Kassasiya şikayəti təmin edilib və yenidən baxılması üçün Apelyasiya Məhkəməsənə qeri göndərilib.

4. İş №2(102)-3919/2022 – 19.09.2022

Faktiki hallar:
İddiaçının paylı mülkiyyətində olan yaşayış evi onun razılığı olmadan cavabdeh tikinti şirkəti tərəfindən sökülüb və yerində çoxmənzilli bina tikilib. İddiaçı xaricdə olduğu üçün ona ödəniş edilməyib. İddiaçı həm maddi, həm də 100 min manat mənəvi zərərin ödənilməsini tələb edib. Ali Məhkəmənin vurğuladığı mühüm meyarlar:

Mülkiyyət hüququna “ağır” müdaxilə. İddiaçının paylı mülkiyyətində olan yaşayış evi razılığı olmadan sökülüb. Yerində isə çoxmənzilli bina tikilib, iddiaçıya ödəniş edilməyib – klassik, ağır delikt.

Psixoloji bağlılıq + paydan məhrum qalma. Ev sadəcə əmlak deyil, yaşayış yeri, ailə xatirələri və s. ilə bağlıdır. Payından məhrum olması təbii olaraq psixoloji narahatlığa səbəb olur – məhkəmə bunu açıq şəkildə qeyd edir.

Deliktin sübutu. Söküntünün cavabdeh tikinti şirkəti tərəfindən aparılması və qanunsuzluq sübuta yetirilib.

Təzminatın funksiyası: kompensasiya, cəza yox. Mənəvi zərər cəza xarakterli ola bilməz, yalnız çəkilən mənəvi itkilərin müəyyən qədər kompensasiyasıdır. Oxşar işlərdəki məbləğlər, ölkə daxilində reallığı, zərərin xarakteri nəzərə alınmalıdır. “Məhkəmə kollegiyası … iddiaçıya dəymiş mənəvi zərərin həcminin 3000 manat dəyərləndirilməsini qanuni, ağlabatan ədalətli hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir”.

5. İş №2(102)-588/2022 – 22.02.2022

Faktiki hallar:
Ana-həkimin kobud səhvi nəticəsində iddiaçının arvadı doğuş zamanı ölüb, yeni doğulan uşağın sağlamlığına ağır zərər dəyib; iddiaçı xəstəxanaya qarşı 5 000 000 manat mənəvi zərər tələbi qaldırıb. 1 İnstansiya 30000 manat üzrə qərar çıxardıb, Apelyasiya isə 50000 manat.

Bu işdə əsas meyarlar aşağıdakılardan ibarətdir:

Həkimin ehtiyatsız, lakin cinayət tərkibli hərəkəti. Tibbi standartların kobud pozulması, cinayət işi materialları, ixtisaslı ekspertiza və s. ilə sübut olunur.

Nəticələrin ekstremal ağırlığı. Həyat yoldaşının ölümü, 3 uşağın anasız qalması. Yeni doğulan uşağın sağlamlığına ağır, ömürlük zərər. Ərin və uşaqların həyatının köklü şəkildə dəyişməsi.

Psixoloji sarsıntının dərinliyi və uzunmüddətliliyi. Bu, “bir dəfəlik” stres deyil. Faktiki olaraq insanın bütün həyat trayektoriyasını dəyişən faciədir.

Təqdim edilən məbləğin həddinin qiymətləndirilməsi. İddiaçı 5000000 manat tələb edir – açıq şəkildə “punitive damages” tipli tələbin əlamətləri. Məhkəmələr vurğulayır ki, mənəvi zərərin kompensasiyası əsassız varlanma vasitəsi ola bilməz.

Ölkənin sosial-iqtisadi reallıqları və AİHM praktikası. Məhkəmə açıq şəkildə AİHM-in yanaşmasına istinad edir: Ölkənin yaşayış səviyyəsi, alıcılıq qabiliyyəti, oxşar işlərdə qəbul olunan məbləğlər. Yəni məhkəmə məbləği beynəlxalq və daxili real kontekstə oturdur.

Nəticə olaraq, Ali Məhkəmə Apelyasiya Məhkəməsinin çıxardığı qətnaməsini dəyişdirilmədən saxladı.

Ali Məhkəməyə görə müəyyən edilən test:

Ümumiyyətlə mənəvi təzminata hüquq var?

Mənəvi təzminata hüquq yalnız o halda tanınır ki, dörd şərt birlikdə mövcud olsun (Conjunctive Rule – 1 şərt yerinə yetirilməyibsə, iddia rədd olunur.

P – Pozuntu (qanunsuzluq)

Hərəkət və ya hərəkətsizlik qanuna və ya müqaviləyə zidd olmalıdır. POS-terminal işində (3064/2021) bankın müqavilə üzrə silmə səlahiyyəti olduğu üçün:

P = 0 → ümumiyyətlə mənəvi zərər yoxdur.

T – Təqsir

Hərəkət qəsdən və ya ehtiyatsız edilməlidir. Həkim işi və tikinti işi – açıq təqsir; təhqir işi – qəsdən təhqir; lift işi – davamlı və məqsədli bloklama.

SƏ – Səbəbli Əlaqə

Pozuntu ilə iddiaçının sarsıntısı arasında bilavasitə bağlılıq olmalıdır. Məsələn: təhqir → huşunu itirmə; tibbi səhv → həyat yoldaşının ölümü və ailə faciəsi; lift bloklanması → gündəlik həyatın iflici.

RS – Real sarsıntı

Sadəcə “narahat oldum” yox, real təsir: tibbi yardım, huş itirmə, uzunmüddətli stress, ailə həyatında konkret dəyişikliklər və s. POS-terminal işində bu yoxdur; təhqir, tibbi və lift işlərində Ali Məhkəmə bunu xüsusi tələb edir.

Əgər P ∧ T ∧ SƏ ∧ RS = 1 (hamısı sübuta yetirilmişdirsə) → mənəvi təzminata hüquq var.
Əgər bu şərtlərdən hər hansı biri = 0 → MZ = 0 (mənəvi təzminat yoxdur).

POS-terminal işində nəticə: P = 0, RS = 0 → MZ = 0.
Digər dörd işdə: hamısı 1 → ikinci mərhələyə keçid var.

İstifadə edilmiş ədəbiyyat:

https://sc.supremecourt.gov.az/storage/Mulki/2021/2_3064+11.06.2021.pdf

https://sc.supremecourt.gov.az/storage/Mulki/2022/2_4320+24.10.2022.pdf

https://sc.supremecourt.gov.az/storage/Mulki/2022/2_5121+11.10.2022.pdf

https://sc.supremecourt.gov.az/storage/Mulki/2022/2_3919+19.09.2022.pdf

https://sc.supremecourt.gov.az/storage/Mulki/2022/2_588+22.02.2022.pdf

https://sc.supremecourt.gov.az/job/keyword

Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında
 

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
145
Sayt
huquqlar.az
Salam. Paylaşım üçün təşəkkür edirik. Yararlı mövzudur
 

highlawyer

Yeni istifadəçi
Hüquqşünas
Qoşulub
23 Fevral 2026
Mesajlar
9
İşlərimdə istifadə edə biləcəyim yaxşı siyahılanmış mövzudur. Təşəkkürlər.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar